Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

“Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir

“Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə dekabrın 15-də Bakı şəhərində “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir.

Tədbirin əsas məqsədi yeniyetmə və gənclərin sağlam dini biliklərə yiyələnməsi, onların milli-mənəvi dəyərlərə və Vətənə sədaqət ruhunda tərbiyə olunması, həmçinin yad dini-ideoloji təsirlərdən qorunması istiqamətində maarifləndirmə fəaliyyətinin daha sistemli şəkildə təşkili yollarını müzakirə etməkdir.

Konfransda Elm və Təhsil Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, Azərbaycan İlahiyyat İnstitutunun nümayəndələri, mütəxəssislər, eləcə də Bakı şəhəri üzrə orta məktəblərin psixoloq və müəllimləri iştirak edirlər. 

Konfransın açılış mərasimində tədbirin mövzusunun aktuallığına toxunan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycan cəmiyyətində dinlə bağlı biliklər əsasən üç mənbədən əldə olunur ki, bunlar da ailə, kütləvi informasiya vasitələri və internet mühiti, eləcə də ibadət evləri və din xadimləridir. Ailə institutu dinlə bağlı ilkin təsəvvürlərin formalaşmasında mühüm rol oynasa da, bütün ailələr bu sahədə yetərli və düzgün biliklərə malik deyil. Bu isə gənc nəslin dünyagörüşünə birbaşa təsir edir. Gündüz İsmayılov kütləvi informasiya vasitələri və internet məkanında yayılan dini məlumatlardan danışaraq qeyd edib ki, sosial şəbəkələrdə və müxtəlif internet resurslarında dinlə bağlı çoxlu sayda qeyri-dəqiq, ziddiyyətli, qərəzli məlumatlara rast gəlinir. Bu da dini biliklərin sağlam formada yayılmasına mane olur. Sədr müavini bildirib ki, xüsusilə dini radikalizm, xurafat və məzhəbçiliklə mübarizədə təhsil müəssisələrinin rolu əvəzsizdir. Bu baxımdan, məktəblərimizdə dinin mədəni və mənəvi tərəflərinin düzgün şəkildə izah olunması böyük əhəmiyyət daşıyır. Təhsil bu sahədə ən təsirli platformalardan biridir. Gündüz İsmayılov vurğulayıb ki, Azərbaycan dünyəvi dövlətdir və təhsil sistemi də dünyəvilik prinsiplərinə əsaslanır: Bu, Konstitusiyamızdan irəli gələn əsas prinsipdir və mütləq şəkildə qorunmalıdır. Lakin din yalnız şəriət qaydalarından ibarət deyil, onun mənəvi və mədəni tərəfi də mövcuddur. O əlavə edib ki, müəllimlər cəmiyyətdə dinlə bağlı məsələlərdə istər-istəməz mövqe bildirən tərəfə çevrilirlər. Bu baxımdan onların dini mövzulara yanaşması balanslı, dünyəvi və elmi əsaslara söykənməlidir. Təhsil müəssisələrində bu cür biliklərin düzgün çatdırılması xurafata, məzhəbçiliyə və radikalizmə qarşı mübarizədə mühüm rol oynaya bilər. Sədr müavini qeyd edib ki, konfrans çərçivəsində aparılan müzakirələr din və təhsil münasibətlərinin düzgün qurulması, gənc nəslin sağlam düşüncə ruhunda formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu mövzuların müzakirəsi gələcəkdə daha sistemli və effektiv yanaşmaların formalaşmasına töhfə verəcək.

Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın mövzusunun ölkəmizin sürətli inkişafı və müasir dövrün çağırışları fonunda xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. F. Qurbanov Böyük Zəfərin arxasında dayanan gücün təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən dövlət siyasətinin dayandığını qeyd edib. O bildirib ki, bu siyasət gəncliyin vətənpərvərlik ruhunda yetişməsinə zəmin yaradıb. Nazir müavini 44 günlük Vətən müharibəsində əldə olunan Qələbədə gənclərimizin Vətənə bağlılığının və milli-mənəvi dəyərlərə sədaqətinin mühüm rol oynadığını qeyd edib. Bu ruhun qorunmasının və inkişaf etdirilməsinin təhsil sisteminin əsas vəzifəsi olduğunu bildirdi. Çıxışında dini mədəniyyətin düzgün təbliğinin vacibliyinə toxunan nazir müavini sağlam dini biliklərin gəncləri radikal və yad ideoloji təsirlərdən qorumağın əsas yolu olduğunu deyib. Əlavə edib ki, məqsəd gənclərimizdə mənəvi komponenti gücləndirmək və ali insani keyfiyyətlərin formalaşmasına nail olmaqdır. 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Sovet dövründə qoyulan  məhdudiyyətlərin dinə göstərdiyi mənfi təzahürlərə toxunub. Millət vəkili eyni zamanda, ölkədə din təhsili ilə bağlı məsələlərə diqqət çəkərək din mədəniyyətinin təhsilimizdə xüsusilə məktəblərdə öyrədilməsinin faydalı olduğunu deyib. O, məzhəblərüstü təhsilin cəmiyyət üçün müsbət cəhətlərinə toxunaraq  dini tədris edən müəllimin, eləcə də din xadiminin nümunəvi vətəndaş zəruriliyini nəzərə çatdırıb. 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa mövzunun sosioloji baxımdan aktuallığını vurğulayıb. O, bildirib ki, əgər təhsilin əsas hədəfi müstəqil və yaradıcı şəxsiyyət yetişdirməkdirsə, dinin məqsədi də mahiyyət etibarilə bənzər hesab oluna bilər. Fazil Mustafa dünyəvi dövlətdə dini dünyagörüşünün formalaşmasında dini düşüncənin düzgün anlaşılmasının və onun dünyəvi prinsiplər əsasında öyrədilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, tədris prosesində dini dövlətdən ayrı tutmaqla yanaşı, qarşıdurma deyil, birgəliyə əsaslanan yanaşmanın əsas dəyər kimi qəbul edilməsini doğru hesab etdiyini vurğulayıb. F.Mustafa həm dini, həm də dünyəvi elmlərin öyrənilməsinin cəmiyyətin sağlam və balanslı formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Konfrans işini “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim modelləri” və  “Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası” adlı panellərlə davam etdirir.

“Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir - Image 1
“Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir - Image 2
“Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir - Image 3
“Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir - Image 4
“Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir - Image 5
“Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir - Image 6
“Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir - Image 7
“Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir - Image 8
“Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir - Image 9
err 18.12.25