Dekabrın 11-də Astara rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dövlət Komitəsinin Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirib.
Dövlət Komitəsinin İnklüziv inkişaf şöbəsinin Layihələrin idarə olunması sektorunun müdiri Sadiq Mirzəyev qeyd edib ki, xalqımızın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə xüsusi əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyevin onların gələcək nəsillərə sağlam şəkildə çatdırılması istiqamətində misilsiz xidmətləri olub. Müxtəlif dövrlərdə milli-mənəvi dəyərlərimiz təzyiqlərə məruz qalsa da, müstəqillikdən sonra Ulu Öndərin müdrik siyasəti dəyərlərimizin milli kimlik və dövlətçilik ideologiyasında aparıcı yer tutmasını prioritet sahəyə çevirdi.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacızadə diqqətə çatdırıb ki, ölkəmiz sivilizasiyalararası dialoqa mühüm töhfələr verən, tolerantlıq nümunəsi və multikulturalizm diyarı kimi tanınan ölkədir. Bunu təmin edən ən mühüm amillərdən biri xalqımızın zəngin mənəvi dəyərlərə malik olması, bu dəyərlərin qorunması, yaşadılması, müasir dəyərlərlə zənginləşdirilməsidir.
Rayon Ağsaqallar Şurasının sədri Natiq İbadov, QMİ-nin səlahiyyətli nümayəndəsi İlqar Həsənli, Astara Pedaqoji Kollecinin tələbəsi Səadət İbadullayeva, eləcə də Kakalos kənd məscidi dini icmasının sədri Hüseynxan İsayev çıxışlarında diqqətə çatdırıblar ki, Azərbaycan xalqının öz dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bugünədək qoruyub saxlaya bilib.
Konfransda din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
12.12.25